TEFL yoxsa IELTS sertifikatı?
Azərbaycanda 800-dən artıq özəl kurslar var və bu kursların çox zaman əsas fəaliyyət iqtiqamətini dil bilikləri, ilk növbədə də ingilis dilinin tədrisi təşkil edir. Təbiidir ki, hər bir kurs müəllimləri işə cəlb edərkən çox diqqətli seçim edir, sınaq müddəti təşkil edir və s. Tədris prosesində müəllim açar rola malik olduğundan bu strategiya doğrudur. Bəzən kurslar əminlik üçün müəllimlərdən sertifikat tələb edirlər. Bu da, doğru yanaşma ola bilər, çünki beynəlxalq sertifikat daha çox əminlik yaratmaqla yanaşı, kurs üçün reklam aləti olaraq da çıxış edir.
Yanlış yanaşma
Lakin bütün bu prosesdə yalnış alqılanan və nəzərə alınan bir amil var; bəzi kurslar işə qəbul üçün tələb olaraq müəllimliyə namizəddən IELTS sertifikatının olmasını tələb edir. Kursun bu tələbi 2 səbəblə qaynaqlana bilər. IELTS ölkəmizdə tanınmış bir “marka” olduğu üçün belə bir tələb qoyulur və marketinq məqsədləri üçün hamı tərəfindən anlaşılan və qəbul edilən olduğu üçün rahat istifadə olunur. Başqa bir səbəb isə kurs menecmentinin IELTS sertifikatının ingilis dili və hətta IELTS tədrisinin özü üçün belə yetərsiz olmasını bilməməsidir. IELTS – International English Language Test System kimi açıqlanaraq, bütün dünyana minlərlə universitet, dövlət və özəl qurumların, eyni zamanda miqrasiya xidmətlərinin qəbul və istifadə etdiyi bir sertifikatdır. Qısaca, IELTS dil biliyi sertifikatıdır və dil tədrisi ilə heç bir bağlılığı yoxdur. Müqaisə üçün, təsəvvür edin ki, azərbaycan dilində çox səlis və aydın formada danışan birindən xaricilərə azərbaycan dilini öyrətməsini tələb etsinlər.
İngilis dili tədrisinin özəllikləri
Dil tədrisi çoxşaxəli və psixoloji bir prosesdir. Xüsusən, indiki internet əsrində dil tədrisi üçün çox geniş imkanlar yaransa da, xüsusi müəllimlik bilikləri, texnikası və tədris metodları də tələb olunur. Dərsdə müəllim-tələbə balansından tutmuş ən böyük dərdimiz olan ingilis dilində sərbəst danışmaq tədrisinə qədər geniş bir spektri əhatə edən dil tədrisini peşəkar həyata keçirmək istəyən müəllimlər, yaxud müəllimliyə namizədlər daim öz üzərlərində çalışmalıdırlar. Əfsuslar olsun ki, universitet təhsili müasir bilikləri ehtiva etmir və çox zaman tədris proqramları sovet zamanlarında hazırlanmış, produktiv qabiliyyətlər olan danışıq və yazı tədrisini deyil, qrammatikanin öyrədilməsini, daha dəqiq desək isə, “əzbərlədilməsini” əhatə edir. Buna görə orta məktəblərdə dil bacarıqlarını yetərli öyrənə bilməyən şagirdlər özəl kurslara üz tuturlar, lakin kursların da bu işə doğru olmayan yanaşması fiasko ilə nəticələnir.
TEFL, TESOL, TKT və s…
İngilis dilinin tədrisinin öyrənilməsi üçün bütün dünyada universitet təhsili ilə bağlı TEFL, TESOL, TKT, Celta, Delta kimi beynəlxalq sertifikat proqramları var. Bunlar hamısı sizə mükəmməl ingilis dili müəllimi kimi yetişdirməyə xidmət etsə də, aralarında müəyyən fərqlər var. Onları birləşdirən tərəf isə birdir – bu proqramlar yaxud sertifikat kursları sizə ingilis dili deyil, müəllimlik peşəsini öyrədir. TEFL – Teaching English as Foreign Language kimi açıqlanır və bizim kimi ölkələrdə qeyri-ingilis dilli insanlara, yəni öz vətəndaşlarımıza ingilis dili öyrədilməsi üçün nəzərdə tutulub. TESOL bir addım önə gedərək, xarici ölkələrə gəlmiş qeyri-ingilis dillilərə ingilis dilini öyrədənlər üçün nəzərdə tutulub. Bu sertifikatların hər ikisi akkreditasiyalı qurumdan alınarsa, sizə həm ölkə daxilində, həm də xaricdə işləmək imkanına səbəb olur.
TEFL və TESOL ilə hansı ingilis dili tədris metodlarını öyrənmək olar?
Linqva Beynəlxalq Dil Mərkəzinin TEFL və TESOL kursları 120 saatlıq proqramı əhatə edir və müasir dil tədrisi üçün zəruri olan 29 modulu ehtiva edir. Bura danışıq, dinləmə, yazı, oxuma, qrammatika və leksikanın tədrisindən tutmuş, sinfin idarə olunması, dərsdə balans, dərsin planlaşdırılması, motivasiya sisteminin qurulması, səhvlərin doğru düzəldilməsi, peşəkar inkişaf, tədris resurslarına qədər geniş spektrda modullar daxildir. Bütün bu modullar sizə ənənəvi deyil, müasir və tələb olunan müəllim olmağınızı hədəfləyib.
İngilis dili artıq zərurətdir
Dünyada 2 milyard insan ingilis dilini öyrənir, qlobal bir dil olaraq ingilis dili artıq bir istək və avantaj yox, zərurətə çevrilib. Xaricdə təhsil, karyera imkanları, miqrasiya, sosiallaşma ilə yanaşı xarici dildə gənc yaşlardan sərbəst danışmaq gələcək nəslin şəxsiyyət kimi özgüvənli formalaşmasına da təsir edir. Belə nəslin doğru yetişdirilməsində müəllimlərin rolu valideynlərdən sonra ikinci yerdədir. Müasir, sevilən, tələb olunan, bir sözlə peşəkar müəllim olmaq üçün şəxsi inkişafınız üzərində də işləməyiniz tövsiyə olunur.