Yay tətilində də ingilis dili öyrənmək olarmı?
Yay dincəlmək zamanıdır; demək olar ki, bütün uşaqlar yayı səbirsizliklə gözləyirlər. Çünki dərs oxumaq kimi bir rəsmi öhdəlikləri yoxdur, məktəb yoxdur, kitab yoxdur, qələm yoxdur😊
Amma ortada 3 ay kimi bir zaman,demək ki, şans var.
Bu iki ziddiyətli halın ortaq nöqtəsi varmı? Həm dincəlib, həm də fayda qazanmaq olarmı? Və ən əsası, böyüklərin fayda qəbul etdiklərini uşaqlara necə sevdirmək və əyləncəyə çevirmək olar?
Hamımız anlayırıq və qəbul edirik ki, ingilis dili övladlarımızın almalı olduğu biliklər arasında ilk sıradadır. Bunun yeganə səbəbi xaricdə təhsil, yaxud uğurlu karyera deyil. Dil bilikləri, xüsusən də dünya dilinə çevrilmiş ingilis dili sizin övladlarınızın istər təhsil, istər karyera, istərsə də şəxsiyyət kimi yetişməsində ən zəruri qabiliyyət olan özünə güvən hissinin yaranmasına səbəb olur. Xarici dil bilmək, eyni zamanda, uşaqlara geniş resurslara qapı açır, xarici dostlar qazanmağa yardım edir, araşdırma qabiliyyətlərini inkişaf etdirir və s.
İngilis dili ilə bağlı yay tətilini planlaşdırarkən bir neçə faktoru nəzərə almağınız tövsiyə olunur:
- Yaş faktoru
- Övladlarınızın məşğul olduğu digər fəaliyyətlər
- Gündəlik zaman planlaması
- Resursların çox geniş olması
Yaş – ən önəmli psixoloji faktorlardan biridir. İngilis dilinin öyrənilməsi 4 əsas bacarığı ehtiva edir: danışıq, yazı, dinləmə və oxuma. Lakin bu bacarıqların tədrisi yaş faktoru və dil öyrənmə məqsədlərinə görə dəyişir. Məsələn, 6-7 yaşlı bir uşağa öyrədilən ingilis dili əsasən eşitmə və danışıq qabiliyyətləri üzərində qurulursa, IELTS, SAT yaxud TOEFL imtahanı üçün hazırlıq akademik səviyyəli ingilis dili tələb etdiyindən, aksent həm də qrammatik qaydalar və akademik söz bazasının inkişafına edilir.
Yay aylarında əsas prioritetlərdən biri həmdə zehni və fiziki dincəlməkdir.
Nəzərə alın ki, geridə və irəlidə çox məşğul 9 ay kimi bir zaman var. Övladınızı çoxsaylı və çeşidli məşğələlərə yönləndirməyin hər zaman doğru olmadığını heç düşünmüsünüzmü? Məsələn, www.care.com saytının araşdırmalarına görə, valideynlərin öz övladlarını çoxsaylı fəaliyyətlərə yönləndirmələrində əsas məqsəd onların akademik uğurlarını “planlaması” və universitet həyatında onları rəqabətli etməkdir. Halbuki, çox zaman onlar struktursuz oyunun (yəni heç bir son öyrənmə hədəfi olmayan oyun) uşaqlara zəruri olan həyat biliklərini necə aşıladığı barədə düşünmürlər. Əslində isə, struktursuz oyun, uşaqlarda kreativ düşüncə, özünə əminlik, neqativ emosiyaların idarə olunması kimi qabiliyyətlər yaradır. Hətta ABŞ Pediatrlar Assosiasiyası hazırda struktursuz oyunu müalicə medotu kimi məsləhət görür.
Gündəlik zaman planlaması yay tətilindən faydalanmaq üçün ən önəmli məsələlərdən biridir.
Bura ingilis dili öyrənilməsi üçün mütəmadiliyin önəmini də əlavə etsək, az da olsa hər gün xarici dil üçün zaman ayırmanın zəruriliyi ortaya çıxır. Düşünməyin ki, övladınızın zamanını əyləncəli və faydalı keçirməsi üçün hökmən böyük məbləqlər xərcləməlisiniz. Parklarda gəzintilər, axşamlar topla oyun, övladınızla keçirə biləcəyiniz yarışlar və oyunlar (Tabu, Scrabble kimi oyunlar ), birgə kitab oxuyub təhlil etmə, internetdə faydalı araşdırmalar nəinki övladınızın bilik və bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda, sizin münasibətlərinizdə də çox müsbət izlər buraxacaq. Yadda saxlayın ki, övladlarınızın sizinlə ünsiyyətə çox ehtiyacı var. Yay planlaması edərkən günbəgün planlama etməklə də özünüzü yormayın. Başlıca və böyük hədəflərinizi müəyyən edin,digər məsələlərdə isə daha çevik davrana bilərsiniz. Məsələn,prioritetiniz ingilis dili biliklərinin inkişafıdırsa,o zaman, yuxarıda sadalanan bütün fəaliyyətləri ingilis dilində keçirə bilərsiniz.
Əsas məsələ isə yay planlamasının uşaqlar üçün yorucu deyil, rəngərəng, əyləncəli, müxtəlif olmaqla həm də faydalı olmasının düsturunu tapmaqdır.
Yay məktəbləri bu məsələnin həll olunması üçün yaxşı çıxış yolu ola bilər. Yay məktəbini seçərkən onun yenə sizin hədəflədiyiniz prioritetlərlə üst-üstə düşməsinə diqqət edin. Yay məktəblərinin günün birinci yarısı olması, həm övladlarınızın daha çox öyrənməsinə, həm də sizinlə vaxt keçirmələri üçün də zamanın qalmasına şərait yaradır. Oxuma vərdişinin yaranması üçün yay əsl fürsətdir! Yadda saxlayın ki,oxuma reseptiv qabiliyyət olaraq, digər qabiliyyətlər üçün açar rolunu oynayır, övladınızın söz ehtiyatı,danışıq səlisliyi,akademik baza və fikir ifadəsinin formalaşmasına ən böyüktəsir edən faktor kimi çıxış edir. Oxuma vərdişinin yaranmasının da yarış və əyləncə halına gətirə bilərsiniz; Bir aylıq kitab oxuma təqvimində hər bir kiçik uğur üçün övladınızı mükafatlandıra bilərsiniz.
Son olaraq, xatırlatmaq istərdik ki, övladınızın öyrəndikləri bütün biliklər onların həyatda xoşbəxt və özgüvənli olmaqları üçündür. Məhz belə insanlar gələcəkdə şəxsiyyətə çevrilərək, nailiyyətlər əldə edə bilərlər. Yay planlamasını da edərkən, bunu yaddan çıxarmayın
Fidan Bağırova