Uşaq və yeniyetmə qruplarında Reading dərslərini necə sevdirmək olar?
Kitab oxumağın fayda və qatqıları ilə bağlı bir bloqumuzda paylaşım etmişdik. Kitab və ümumiyyətlə oxumaq nəinki bilik və məlumat mənbəyidir, o, zamanı faydalı keçirmək, dünya görüşünü genişləndirmək və özgüvən hissinin yaranması üçün fundamental mənbələrdəndir.
Araşdırmalar göstərir və sübut edir ki, oxuma yəni “Reading” qabiliyyəti birbaşa olaraq yazı qabiliyyətinin də inkişafına təsir edir və onu dolğunlaşdırır.
Amma hamımıza məlumdur ki, hazırki dövrdə bu faydalı oxuma vərdişi digər zərərli vərdişlərlə əvəz olunub və uşaqları kitaba bağlamaq yaxud ingilis dili dərslərində reading aktivitələri etmək get-gedə qəlizləşir.
Beynəlxalq akkreditasiyalı qurum olaraq, Lingva Training Center ingilis dili müəllimləri üçün faydalı ola biləcək tövsiyyələri paylaşır:
- Oxuma miqdarını tədricən artırın – Təbii ki, heç bir oxuma vərdişi olmayan uşaqlara birdən-birə bütöv bir kitabı oxumaq tapşırığı vermək, əks reaksiya yaradır. Hər bir vərdiş kimi, oxuma vərdişi də tədricən, “qaşıq-qaşıq” aşılanmalıdır
- Oxuma üçün müxtəlif fəaliyyətlər düşünün – Hər bir yaş qrupunun öz marağı və tətbiq edə biləcəyiniz alətləri var. Məsələn, bir mətni hissələrə bölün, qarışdırın və reading fəaliyyəti zamanı uşaqları qrup şəklində yarışdıraraq, hekayəni doğru formada düzmələrini təşkil edin
- Effektiv oxuma metodları ilə bağlı qeydlər götürün, onları peşəkar qruplarda müzakirə edin. Fikir alış-verişi sizə faydalı olacaq
- Uşaqların sevdiyi “alətləri” oxuma texnikasına çevirin. Məsələn, uşaqların çoxunun düzəldə biləcəyi Power Point Presentation-dan istifadə edin. Tələbənizin oxuduğu kitabın icmal formasını təqdimat şəklində hazırlamağını ev tapşırığı olaraq verin. Təbii ki, hamı fərqlənmək istəyər
- Oxuma fəaliyyətləri üçün kiçik hədiyyəli yarışlar da işinizə yaraya bilər. Kitab üzrə quiz, brain ring yarışması işinizə çox faydalı olacaq
- Oxuma fəaliyyəti üçün qrup tapşırıqları düzəldin. Adətən, uşaqlar və yeniyetmələr yarışı tək uduzmaqdan çəkinirlər, amma qrup şəklində uduzsalar belə, bu onların özgüvən hissinə pis təsir etməyəcək. Paylaşmaq, yarış və oxuma fəaliyyətində də gözəldir
- Tələbələrinizdə birgə oxuyun, birgə müzakirə edin, debatlar qurun. Məsələn, oxuduğunuz bədii əsərdə hər hansı bir xarakteri təhlil edin. Bu tələbələrinizin qrammatik biliklərini də artıracaq və eyni zamanda qaydaları tətbiq etməklərinə töhfə verəcək
- Tələbələrinizdə kitab evləri, yaxud indi dəbdə olan kitab-kafeləri ziyarət edin. Uşaqlar “cool” olmaq istəyirlərsə, buna şərait yaradın və dərsiniz üçün də faydalanın. Təbii ki, belə ziyarətlərin şəkillərini çəkib paylaşmağınız, onlara həzz, digər tələbə və müəllimlərə isə motivasiya verəcək
- Kitab müəllifləri ilə görüşlər təşkil edin. Müəllifin kitabının oxunulması, məhşur insanla görüşün uşaqlara verdiyi gürur hissi oxuma vərdişini tələbələrinizə sevdirəcək. Bəli, bu işin təşkilatçılığı sizdən bir az zaman alacaq, amma inanın ki, siz bu yolla çox sevilən və tələb olunan bir müəllimə çevriləcəksiniz
- Oxunan hər bir məlumat faydalıdır. Tələbələrinizə ingilis dilində oxumaları üçün kitablar seçə bilərsiniz, amma yadda saxlayın ki, uşaqların maraq dairələri fərqli ola bilər, o səbəbdən, seçimi uşaqların özlərinə buraxın. Uşaqların müstəqilləşməyi, qərar qəbul etmə qabiliyyətinin inkişafı baxımından da, bu, önəmlidir
- Zamana qənaət üçün audio kitablardan da istifadə edə bilərsiniz, lakin onlardan istifadənin xüsusi çəkisi çox olmamalıdır. Audio kitablar tələbələrinizin Listening (dinləmə) qabiliyyətinə faydalıdır, amma təbii ki, orijinal kitabları əvəz etmir
- Proqnozlaşdırma, sorğulama, vizuallaşdıma, ana ideyanın tapılması, hekayə xəritəsi, K-W-L (What I know, What I want to know, What I learned), qrafik təşkilatlandırma, icmallaşdırma kimi oxuma strategiyalarının sizin tələbələrin yaş qrupu və maraqlarına uyğun olanlarını öyrənin
- Oxuma qabiliyyətinin doğru tədrisi üçün seminar və təlimlərdə iştirak edin