Oxumaq, oxumaq, yenə də oxumaq!
Bütün dövrlərdə kitab və oxu biliyin əsas mənbələrindən biri olmuşdur. Amma oxumaq yalnız bir bilik və məlumat mənbəyi deyil, bütöv bir mədəniyyət deməkdir. Hazırki dövrümüzdə rastlaşdığımız və artıq hamımızın etiraf etdiyi problemlərdən biri də uşaq və gənclərin kitab oxuma istək, həvəs və sevgisinin olmamasıdır. Bu bloq yazısı ilə cəmi 20-30 il ərzində bu sahədə olan radikal dəyişmənin səbəblərini araşdıraraq, vəziyyətdən çıxış yollarını təqdim etməyə çalışacağıq. Ümid edirik, bu məsləhətlər valideynlər, eləcə də müəllimlər üçün faydalı olacaq.
Gəlin, ondan başlayaq ki, oxumaq bir bacarıqdır və demək ki, bu bacarığı qazanmaq, yaxud öyrənmək lazımdır. Məsələn, IELTS akademik ingilis dili imtahanında qiymətləndirlən 4 bölmədən biri məhz oxumaqdır və onun əhəmiyyəti heç də yazı, yaxud danışıqdan az deyil.
Faydalar barədə
Liberty school saytı oxumağın 10 faydasını aşağıdakılar olmaqla sadalayır:
- Bilik mənbəyi olması
- Yaddaşı təkmilləşdirməsi
- Diqqəti artırması
- Söz ehtiyatını artırılması
- Analitik qabiliyyətin inkişafı
- Çevrə barədə məlumatlılıq
- Özünə əminlik hissi və müstəqilliyin formalaşması
- Stressin azalması
- Əyləncəli olması
- Övladınızın daha yaxşı “oxucuya” çevrilməsi
Səhv yanaşmalar və məsləhətlər
Oxumaq ilə bağlı valideynlərin yalnış yanaşmalarından biri onu yalnız birinci – bilik mənbəyi olması- bəndinə bağlamalarıdır. Halbuki, düzgün aşılanarsa, uşaqlar üçün oxumaq bir əyləncə də ola bilər və olmalıdır da!
Oxumaq vərdişinin yaranması üçün fundamental amil zamandır. Reseptiv dil qabiliyyəti olan oxumaq çox kiçik yaşlardan uşaqlara aşılanmalıdır. Belə olduğu təqdirdə, oxumaq və kitablar uşaqların həyatının bir hissəsinə çevrilir və daha böyük yaşlarda onlara kitab oxumaqla bağlı xatırlatma etməyə ehtiyac belə qalmır. Bu, pozitiv vərdiş adlanır.
Oxuma vərdişinin yaranması üçün yararlı vasitələrdən biri bunu mükafatlı yarış prosesinə çevirməkdir. Təcrübədən yararlanaraq, sübut olunur ki, bu mexanizm işləyir. Hər dəfə yeni kitabı tamamlayan övladınıza verilən kiçik hədiyyə onu həvəsləndirəcək. Əgər övladlarınız dil kurslarına gedirlərsə, həmin mərkəzlərdə uşaqlar arasında yarışların təşkili də çox faydalı ola bilər. Yarış və rəqabət hər zaman inkişafa aparır.
Övladlarınız oxuduğu kitabları ilk öncə özünüz oxuyun. Bu, sizə onlarla kitabı müzakirə etmək, fikir-alış-verişi etməyə şərait yaradacaq və daha önəmlisi, onların məlumat və biklərinə diqqət etdiyinizi göstərəcək, beləliklə, əlavə motivasiya rolunu oynayacaq. Böyüklər yanında uşaqların oxuduğu kitaba istinad, onların fikrini almaq yeniyetməlik yaşından başlayan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir.
Ailə kitab saatı təşkil edin. Bu fəaliyyətə ayırdığınız zaman az da olsa, mütəmadi baş verərsə, oxuma vərdişi üçün effektiv olacaq.
Yaşa uyğun olaraq, özünüz oxuğunuz kitabın icmalını həvəslə övladınıza danışıb, bütöv kitabı oxumaqla bağlı onda maraq oyada bilərsiniz.
Sürətli oxuma proqramları xüsusən beynəlxalq imtahanlara hazırlıq zamanı övladınızın işinə çox yarayacaq, bu səbəbdən, oxuma sürətini artıran fəaliyyətləri də (məsələn, 1 dəqiqədə oxunan söz sayı) gözardı etməyin. Bununla bağlı, xüsusi proqram təminatlarını pulsuz formada əldə edə bilərsiniz.
Xarici dil öyrənilməsi prosesində də oxumaq çox əhəmiyyətlidir. Kiçik yaşlardan başlayaraq, hətta anlamadıqları mətnləri və hətta səhvlərlə oxumaları belə işlərinə çox yarayacaq. Daha gec yaşlarında, #SAT, #TOEFL, #IELTS kimi imtahanlara hazırlaşarkən, oxuma bazası zəif tələbələr çox əziyyət çəkirlər və yüksək nəticələr əldə edə bilmirlər, ona görə zamanı itirməyin!
Övladlarınıza kitabxana, yaxud kitab mağazasını ziyarət marağı aşılayın. Yuxarıda da qeyd olunduğu kimi, bu, yalnız bir fəaliyyət yox, həm də mədəniyyətdir. Hamımız bilirik ki, kitabxanaya gedən uşaqdan ədəbsiz bir hərəkət və söz eşitmək nadirən baş verir. Ölkəmizdə kitabla əyləncənin birləşdiyi məkanlar az olsa da, mövcuddur. Baku Book Center kimi məkanlar sizə az büdcə ilə hədəfə çatmağa yardım edəcək. Kitab sərgiləri, ordakı yazarlarla görüş heç bir xərc belə çəkmədən, sizin hədəfinizə çatmağınıza yardım olacaq.
Günümüzdə oxumağın ən böyük “düşməni” internet, sosial media və oyunlardır. Həyatımızın və övladlarımızın həyatının ayrılmaz hissəsinə çevrilmiş bu alətlər daha interaktiv, daha az azm tələb edən olduğundan, eləcə də, bağımlılıq yaratdığından uşaqlar təbii ki, tərcihi onlara verirlər.
Belə şəraitdə valideynlər, müəllimlər və təhsil məsləhətçilərinə daha kreativ olmaq qalır. Yadda saxlayaq ki, oxumaq marağı itərsə, onu bərpa etmək çox çətin olacaq.
Sonda, unutmayaq ki, övladlarınızın qazandığı bütün biliklər, o cümlədən də oxumaq, onlara həm də həzz verməlidir. Bu prosesi sevilən vərdiş və həzz halına gətirmək isə artıq bizə qalır.