İngilis dili öyrənilməsində müəllimin rolu – 30%, 50%, 100%?
İngilis dilinin öyrənilməsi və öyrədilməsi ilə bağlı bir çox bloqlarımız olub. Hazırki bloq ingilis dilinin düzgün öyrədilməsi barədədir.
İngilis dilini öyrədənləri beynəlxalq metodikaya əsasən bir neçə qrupda birləşdirmək olar. Bu insanların hamısı öyrədən olsalar da, rolları və məsuliyyətləri fərqlidir.
- Teacher – müəllim – Bir çox təsnifatlara əsasən, məktəbdə yaxud təhsil qurumunda çalışıb, müəyyən proqram əsasında dərs deyən mütəxəssisdir.
- Tutor – özəl dərs verən müəllim – fərdi yaxud daha kiçik qrup qaydasında tələbələrə ekstra dərs verən müəllimlərdir. “Tutor” müəllimdən dərs proqramı, tezlik və metodikaya görə fərqlənə bilər.
- İnstructor –bələdçi– müəyyən bilik, yaxud fənləri tədris edir. Onlar hər hansı təhsil qurumuna bağlı, yaxud müstəqil şəkildə fəaliyyət göstərə bilərlər.
- Lecturer – məruzəçi – bir qrup insan qarşısında təqdimat formasında məruzələr oxuyan mütəxəssisdir və çox zaman universitetlərdə dərs deyirlər
Ölkəmizdə özəl kurslarda dərs deyən və dil öyrədilməsində xüsusi çəkisi ən böyük olan ingilis dili müəllimlər hansı kateqoriyaya daxil edilməlidirlər? Ümumiyyətlə, İngilis dili müəllimin dil öyrədilməsi və öyrənilməsində xüsusi çəkisi nə qədər olmalıdır?
Təbii ki, bu sualın birmənalı cavabı yoxdur. Çünki;
- Öyrənənin yaşı
- Bilik səviyyəsi
- Öyrəndiyi bilik və bacarıq növü
- Məsuliyyəti
- Müəllimin öz roluna yanaşması müxtəlifdir
30% yoxsa 50%?
Daha dəqiq olmaq üçün, ingilis dili ilə bağlı öyrənilənləri təsnifləşdirmək lazımdır. Məsələn, tələbə #IELTS imtahanına hazırlaşırsa, burada müəlimin rolu 50%-dən az təşkil etməyəcək, çünki qaydalar, fəndlər və konkret proqram öyrənilir. Eyni faiz hesabı SAT, GMAT, GRE, TOEFL kimi istiqamətlər üçün də keçərlidir. Bu səbəbdən, qeyd olunan bilikləri özbaşına öyrənənlərin sayı hər zaman az olur.
Yaxud tələbə “0”-dan ingilis dili öyrənəcəksə, ilkin 2-3 ay üçün onun öyrənmə prosesində müəllimin yaxud instruktorun payı təbii ki, böyük olacaq.
Doğru qurulmuş tədris prosesi əslində bir məqsədə xidmət etməlidir; tələbə yaxud öyrənənin doğru biliklərlə təmin edib son məqsədə çatdırılması. Əgər bu son məqsəd IELTS yaxud SAT balının qazanılmasıdırsa, müəllimin rolu imtahana qədərdir. Yox, əgər son məqsəd ingilis dilində sərbəst və güvənli danışmaq, səhvlərdən qorxmamaq, iş yerində elektron məktublar yaxud hesabatlar yazmaqdırsa, bu zaman müəllim daha çox instruktora çevrilir. Çünki, həqiqət odur ki, heç bir tələbə ömrü boyu ingilis dili müəllimindən asılı qalmamalıdır. Demək burada müəllimin, yaxud dil mərkəzinin boynuna düşən tələbənin elə öyrədilməsi, alışdırılması və vərdişlərin yaradılmasıdır ki, öyrənən bir müddət sonra sərbəst qaydada dildən istifadə etməyi bacarsın. Məsələn, mərkəzimizin tələbəsi olan bir həkim 2 həftəlik dərslərə ara verərkən, ona məsləhət gördüyümüz gündəlik praktikanı artıq həyatına daxil etdiyini söyləyir. Yaxud, yay tətilinə çıxan yeniyetmə tələbəmiz sərbəst qaydada “Self-Learning” proqramı vasitəsi ilə mövcud dil səviyyəsini qoruyur və söz ehtiyatını artırır.
Skills and knowledge
İngilis dili müəllimin rolu öyrədilənin bilik (knowledge) yoxsa bacarıq (skill) olması ilə dəyişir. Biliklər insanın özünün də qazana biləcəyi bir vərdişlərdir. Məsələn, xariciləri dinləyərək, tələffüs biliklərini çox gözəl formada qazanmaq olar. Yaxud, kitablar oxuyaraq, yeni sözləri tərcümə edərək söz ehtiyaını artırmaq olar. İngilis dili mərkəzinin və müəlimini əsas rolu öyrənən üçün sisteminin yaradılması, nəzarət və vərdişlərin formalaşması və zəruri biliklərin (məsələn, qrammatik biliklər, yaxud beynəlxalq imtahanlara hazırlıq) ötürülməsidir. İşin başında həm də dili sevdirmək durur, bu artıq müəllimlik sənətidir.
İngilis dilinin müasir tədrisində müəllim-tələbə zaman bölgüsü anlayışı var. Mələsən, müəllim hətta bilik hesab edilən qrammatik qaydanı belə məruzə formasında “quru-quru” anladırsa, bu həm faydasız həm də maraqsız olacaq. Müasir qaydalar isə müəllimin dərsdə zamanın maksimum 20-30% danışmasını tövsiyyə edir.
İngilis dili müəllimi də digər müəllimlər kimi öyrənənin həyatında mühim rol oynamalıdır. Bu rol və təsir öyrənənin yaşından və təhsil səviyyəsindən çox asılıdır. Məsələn, 12 yaşında bir məktəbli ingilis dili müəlliminin fikrini və rəyini bu dildə tam səlis danışan və xaricdə təhsil almış valideyninin fikrindən üstün görməsi bir reallıqdır. Əslində, ingilis dili müəllimləri bir həqiqəti qəbul etməlidirlər ki, öyrətdikləri sadəcə bir dil deyil, insana ömür boyu lazım olacaq özünə güvən və müxtəlif biliklərə qapı açan bir bacarıqdır.
Fidan Bagirova