parents day primary

İngilis dili müəllimliyi – əsl sahibkarlıq fəaliyyəti kimi

İngilis dili müəllimliyi – əsl sahibkarlıq fəaliyyəti kimi

Müəllim deyən kimi ağlımıza o dəqiqə məktəb, uzaqbaşı universitet gəlir. Əslində isə müəllimlik, xüsusilə ingilis dili müəllimliyi sahibkarlıq sahəsidir və hətta xaricdə “edupreneur” yaxud “educational entrepreneur” yani təhsil sahibkarı anlayışı var. Xaricdəki təhsil sahibkarlığı startap hesab olunur və kiçik və orta biznes kateqoriyasına girir.
Edupreneur” yaxud təhsil sahibkarı öyrənmə sistemi və ya platforması vasitəsi ilə öz bilik və bacarıqlarını digərlərinə satır. Öz biliklərini paylaşdıqları üçün bu peşəkarlar təhsil mütəxəssisləri hesab olunurlar. Digər tərəfdən onlar sahibkardırlar, çünki öz biliklərini ödənişlə satırlar.
Azərbaycanda əslində təhsil sahəsində sahibkar sayıla biləcək #ingilis dili müəllimləri var. Ən böyük fərq ondadır ki, çox zaman bu müəllimlər öz işlərində “repetitorluq” ilə məhdudlaşırlar və biznes sistemi qurmağa cəhd etmirlər. Onların demək olar ki, heç birinin nə biznes planı, nə peşəkar idarəetmə sistemi, nə də strategiyaları olur.
Uğurlu təhsil sahibkarı əslində digər kiçik və orta sahibkarlıq sahələrindən ciddi fərqlənməməlidir. Və ingilis dili müəllimliyi biznesinin də uğurlu olması üçün müəyyən zəruri addımlar var;
1. Xidmət edəcəyiniz seqmenti müəyyən edin – bu, sizə təcrübənizə əsaslanaraq hədəf auditoriyasını seçməyə yardım edəcək. Ölkəmizdə ingilis dili müəllimliyinin bir çox sahələri var: DİM üzrə qəbul imtahanlarına hazırlıq, #IELTS, #SAT, #TOEFL-dan tutmuş, biznes ingilis dili və spesifik sahələr üçün ingilis dilinə qədər. Bir müəllim, yaxud təlimçi olaraq yaxşı bildiyiniz sahəni müəyyən etməlisiniz. Müəyyən sahələrdə ixtisaslaşmaq da mümkündür, #TEFL, #TESOL, #How to Teach IELTS kimi kurslarla ixtisasınızı artıra bilərsiniz. Hətta bu tip təlimlər sizə ingilis dili müəllimi olmasanız belə, peşəkar müəllimə çevrilməyə şərait yaradacaq.
2. İxtisaslaşacağınız sahə üzrə öz təlim-resurs bazanızı yaradın. Hazırda internetdə və açıq istifadədə çox geniş çeşidli təlim və tədris materialları var. Amma burda əsas məsələ bu resurslardan “copy-paste” rejimində yox, mənimsəyərək, sınayaraq istifadə prinsipinin tətbiqindən gedir.
3. Plan qurun. Müəllimlik işinə bəsit yanaşmayın, bir biznesmen, yaxud biznes xanımı kimi planınızı qurun. Bunun üçün özünüzə də sərmayə edin, biznes yaxud layihə planı yazmağı öyrənin. Müəllimlik sahibkarlığında sizin biznes planının başqa komponentləri də olacaq. Məsələn, dərsin effektivliyi və mənfəət arasında korelyasiya kimi. Yaxud, müəllimlik işində siz dərslərdən savayı hansı xidmətlər mənfəət gətirə bilər? Yaxud xidmətlərinizin marjası nə qədər olmalıdır, bazar araşdırmasını necə etməlisiniz və s. kimi
4. Hüquqi və inzibati dəstək. Hər biz biznes kimi müəllimlik biznesinin də hüquqi əsasları olmalıdır. Biznesinizi qeydiyyatdan keçirməkdən, yaxud fərdi sahibklar kimi fəaliyyət göstərməkdən çəkinməyin. Bəli, vergi ödənişləriniz olacaq, amma siz daha yüksək səviyyədə olacaqsınız və hətta özünüzə hörmətiniz artacaq. Eyni zamanda, dərslərinizin keyfiyyəti üçün inzibati sistemlərə diqqət edin. Bura dərs qeydiyyatından tutmuş, proqres yoxlamaları və hətta arxivləşmə siyasəti də aiddir.
5. Marketinq fəaliyyəti. Bütün digər bizneslər kimi müəllimlik sahibkarlığının da marketinqə ehtiyacı var. Amma bu biznesin önəmli xüsusiyyəti odur ki, burada əsas “satış” amili sizin keçdiyiniz dərsin keyfiyyətidir. İngilis dili dərsinin keyfiyyəti yalnız dərs ərzində öyrədəcəyiniz söz sayı ilə məhdudlaşmır. Sizin işinizə peşəkar yanaşmağınız, daimi inkişafınız, işinizdə dəyər sisteminin olması və qorunması, tələbələrin həyatına edəcəyiniz bütün müsbət toxunuşlar və təbii ki, məsuliyyətiniz dərsinizin keyfiyyət amillərinə daxildir. Təbii ki, yeni tələbələrin cəlb edilməsi üçün sosial media kimi müasir alətlərin də gözardı edilməməsi lazımdır, lakin hətta bu fəaliyyəti belə banal formada deyil, faydalı və özünəməxsus etmək olar.
6. Müştəri xidmətinin yüksək səviyyədə olması. Mükəmməl müştəri xidməti reputasiya qurulması üçün ən önəmli faktorlardan biridir. Müəllimlik sahibkarlığında bu mükəmməllik qayğı sisteminə söykənir. Ən sadə düsturla desək, müştərilərinizə özünüzə, yaxud övladınıza necə münasibət göstərilməsini istəyirsinizdə, elə də yanaşın.

7. İnvestisiya. İstənilən biznes kimi müəllimlik sahibkarlığının qurulması da investisiya tələb edir. Beynəlxalq müəllimlik sertifikatlarınız, təlim resursları, zəruri avadanlıq, məkan, marketinq – bunlar hamısı vəsait tələb edən məsələlərdir. Biznes planınızın olması sizə daha ağıllı investisiya etməyə səbəb olacaq. Eyni zamanda ölkəmizdə kiçik və orta sahibkarlığa dəstək verən müxtəlif layihələrə də müraciət edə bilərsiniz. Öz işiniz üçün əsas xərcləyəcəyiniz investisiya isə sizin zamanınız və enerjiniz olacaq. Amma ingilislər demiş “The game is worth the candle”

8. Texnologiya və avadanlıq. Müasir dövrdə texnologiya və avadanlıq olmadan hətta müəllimlik biznesini belə təsəvvür etmək mümkün deyil. Yenə də bu işin maksimal səmərəliliyi üçün biznes planına müraciət etməyiniz tövsiyyə olunur. Ən bahalı heç də hər zaman ən lazımlı və yaxşı demək deyil. Öz hədəf müştəri kütləsinə uyğun avadanlığın seçilməsi bu məqamda ən diqqət yetiriləsi məsələdir.

9. Liderlik və idarəetmə. Məsələnin kuliminasiya nöqtəsinə gəlirik. Tək adam biznesi uzun müddət davam etmir və biznesiniz inkişaf etdikcə sizin mütləq mənada komandanız olacaq. Bura inzibatçı heyət də daxil ola bilər, #ingilis dili müəllim heyəti də. Bu komandanın yaradılması, inkişafı, qorunması və idarəedilməsi sizin yeni peşəniz olacaq. Bu gedişat sizi adi müəllimlikdən biznes şəxsinə çevirəcək və özünüzü uğurlu sahibkar hesab edə biləcəksiniz. Təbii ki, bu uğurlu məqam bir sıra “başağrıları” ilə müşayət olunacaq, çünki insan idarəçiyiliyi biznes idarəedilməsinin ən önəmli, vacib, həm də ən çətin sahəsidir.

Fidan Baghirova