Eyni zamanda həm ən asan, həm də ən çətin dil bacarığı – Speaking
İstənilən qaydalar və nəzəriyyə praktikaya əsasən formalaşır. Sonradan praktika qaydalara çevrilir, qaydalar nəzəriyyəyə dönüşür və yenidən həmin nəzəriyyə praktikada istifadə olunması üçün tədris edilir.
Məsələn, Fonetika elmi əslində insanların rahat danışmaqlarını hədəfləyib. Misal olaraq, azərbaycan dilində rahat deyilməsi üçün “N” hərfindən əvvəl gələn “B” hərfi, onu “M” hərfinə çevirir (mənbə yazılsa da, “məmbə” kimi tələffüs edirik). Rahat danışıq üçün istifadə olunan bu yol, sonradan bir qaydaya çevrilib, dərsliklərə daxil edilib.
Praktika-nəzəriyyə qaydası xarici dildə danışıq üçün də doğrudur. Sorğu keçirsəniz, ingilis dili öyrənənlər üçün ən qəliz dil bacarığının məhz danışıq olduğunu görəcəksiniz. Digər tərəfdən, ingilis dilli ölkəyə düşən əcnəbi heç bir qrammatik qaydaları, leksikanı artırmağa süni cəhd etmədən, təbii şəkildə ilk öncə elə danışığı öyrənir.
Hazırki bloqumuzda bu parodoksal vəziyyəti təhlil edib, nəticələrin ingilis dilinin tədrisində necə effektiv istifadəsinə toxunacağıq.
Dil bilikləri + psixologiya
Speaking – danışıq qabiliyyəti həm dili bilikləri, həm də insanın xasiyyət və psixoloji durumunun sintezindən təsirlənir. Bura sizin dili öyrənmə yaşınız, xasiyyətiniz, özünə əminlik hissiniz, baryerləri aşa bilmə qabiliyyətiniz, əzmkarlığınız və motivasiyanız daxildir. Bu səbəbdən ingilis dili tədrisi ilə məşğul olan peşəkarlar dil biliklərinin aşılanması ilə yanaşı, həm də tələbənin özünə əminlik hissi, dil vərdişlərinin yaradılması, dilin sistematik öyrənilməsi kimi problemləri də həll etməyə dəstək olmalıdırlar.
ELT Concourse saytının dəyərləndirməsinə əsasən, bütün dünyada danışıq ən çətin dil bacarıqlarından biri hesab olunur və bunun dilə bağlı və sosial səbəbləri var.
Saytın dəyərləndirməsini qruplaşdırsaq, dilə bağlı səbəblər bunlardır:
- Məzmunla tanışlıq
- Danışığın çox zaman planlaşdırılmış olmaması
- Prosesin dinamikliyi
- Prosesin çevik keçidli olması
Quora.com saytının dəyərləndirməsinə görə isə danışığı qəlizləşdirən əsas sosial səbəblərdən biri insanların səhv etmə qorxusudur.
Şifahi ünsiyyət, yaxud danışıq zamanı danışan şəxs bir neçə işi parallel görməlidir: o, fikirlərini cəmləşdirməli, uyğun söz və ifadələrdən istifadə etməli, həmçinin qrammatik qaydalara və hətta səs tonuna diqqət etməlidir və bütün bunlarla yanaşı, məzmun və dinləyiciləri nəzərə almalıdır. Bundan savayı, danışıq zamanı bədən dili, jestlər kimi qeyri-verbal ünsiyyət alətləri də istifadə olunmalıdır. Bütün bu faktorların həm də parallel baş verməsi danışıq bacarığını qəlizləşdirir və qorxu yaradır.
Amma daha öncə yuxarıda xarici ölkəyə getmiş bir miqrantın qısa zamanda məhz danışıq bacarığını işə salması qeydini etdik. Başqa bir misal məsələn rus dilində heç danışmayan bir ailənin övladının rusdilli məktəbə getdiyi zaman qısa bir vaxtdan sonra bu dildə sərbəst danışması ola bilər.
Həll yollarını araşdırırıq!
Bu iki məzmunu birləşdirib, təhlil edib, ingilis dili müəllimlərinin danışıq bacarığını tədris etməsinə nə kimi tövsiyyələr vermək olar? Gəlin, ümumiləşdirməyə çalışaq:
- Danışıq üçün təbii şəraitin yaradılması. Məsələn Lingva mərkəzində biz dərsləri yalnız ingilis dilində tədris edir, ikinci dil istifadəsini minimuma endiririk. Yəni tələbənin yaşından və dil bilikləri səviyyəsindən asılı olmayaraq, ingilis dilində danışmaqdan başqa çarəsi qalmır
- “Productive Skill” kateqoriyasına daxil olan Speaking (danışıq) “Receptive Skill” kateqoriyasına daxil olan Listening (dinləmə) və Reading (Oxuma) ilə birbaşa bağlıdır. Oxuma və dinləmə tələbələrin söz ehtiyatının artırılması ilə yanaşı, danışıq üçün onlara mövzuları da təmin edir
- İngilis dili müəllimi tərəfindən səhvlərin düzgün formada düzəldilməsi. Səhvlərin düzəldilməsi vacibdir, amma bunu düzgün və peşəkar qaydada etmək lazımdır. Səhvlər düzəldilərkən tələbənin yaşı, dərsin forması (qrup yaxud fərdi), tələbələnin dil biliyi səviyyəsi, səhvin xarakteri nəzərə alınmalı, eyni zamanda, dərsin məqsəd və alt-məqsədlərinə fikir verilməlidir. Məsələn, əgər alt-məqsəd axıcılıq (fluency) qabiliyyətinin aşılanmasıdırsa, hər zaman qrammatik səhvlər düzəldilməməlidir
- Danışıq dərsləri üçün müxtəlif fəaliyyətlər düşünülməlidir. Banal formada “Conversation” çox zaman işə yaramır. Yaş, dil biliyi və dil öyrənmə motivlərinin nəzərə alınması və sistemli yanaşma daha effektivdir.
- Danışıq bacarığının tədrisinin komponentləri təhlil olunmalı və əhatə olunmalıdır. Harrisin dəyərləndirməsinə əsasən, danışıq bcarığının 5 komponenti var: məzmun, qrammatika, leksika, tələffüs və axıcılıq.
- Tələbələrin maraqlarının nəzərə alınması və danışıq mövzularının rəngarəngliyi. Yadda saxlayın ki, ingilis dili dərsi yalnız dil biliklərinin yox, eyni zamanda dünya görüşünün artdığı bir məkan olmalıdır. Bu sizin dərslərinizi unikal, interaktiv və maraqlı edəcək. Tələbələr ingilis dilini məzmun istifadə edərək öyrənəcəklər və öyrəndikləri yaddaşlarına həkk olunacaq.
- Digər qabiliyyətlər kimi danışıq qabiliyyətinin də mütəmadi olaraq yoxlanılması, səvlərin aşkarlanması və onların aradan qaldırılması üzərində iş
İngilis dili tədrisi, yaxud ingilis dili müəllimliyi əslində dünyada ən kreativ və yaradıcı, rəgnlərin qatıla biləcəyi bir sahədir. Təbii ki, keyfiyyətli tədrisi hədəfləyən hər bir müəllim daim öz bilik və bacarıqlarını artırmağa, əsl məlumat və bilik mənbəyi olmağa çalışmalıdır. TEFL, TESOL, Celta kimi beynəlxalq sertifikat proqramları sizə ingilis dilinin tədrisi metodlarını sistemli və effektiv qaydada öyrənməyə yardım edəcək alətlərdəndir.
Nəhayət, unutmayın ki, tələbələrinizin danışıq qabiliyyəti sizin danışıq səviyyənizdən də asılıdır və özünüzün inkişaf edəcəyi bir mühiti də yaratmağa çalışın
Fidan Bağırova